BAKI, 16 oktyabr. TELEQRAF

Meksikada tropik “Priscilla” və “Raymond” fırtınalarının səbəb olduğu güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölənlərin sayı 66-ya yüksəlib.

Teleqraf xəbər verir ki,Bu barədə Meksika Prezidenti Klaudiya Şeinbaum Milli Saraydakı mətbuat konfransında məlumat verib.

O bildirib ki, hökumət hadisə ilə bağlı ölən və itkin düşən şəxslərin siyahısının yer alacağı ictimai internet səhifəsi yaradacaq.

Hadisə nəticəsində 75 nəfər itkin düşüb. Prezidentin sözlərinə görə, bəzi yaşayış məntəqələrində elektrik enerjisi hələ də bərpa edilməyib, 100-dən çox yol bağlanıb, Silahlı Qüvvələr isə prioritet bölgələrdə xilasetmə və yardım işlərini davam etdirir.

Şeinbaum bildirib ki, əsas məqsəd yolların bərpası və yenidənqurma prosesinə başlamaqdır.

O həmçinin vurğulayıb ki, ehtiyac sahibi olan vətəndaşlara ərzaq, su və dərman çatdırılması üçün mülki müdafiə qüvvələri və bələdiyyə orqanları fasiləsiz fəaliyyət göstərir.

Meksika mətbuatının məlumatına görə, son illərin ən böyük daşqın fəlakəti nəticəsində 250 minədək insan zərər çəkib, 50 minə yaxın evə isə ciddi ziyan dəyib.