BAKI, 16 oktyabr. TELEQRAF
Rusiya tərəfindən ABŞ-yə təqdim olunan və 35-ci ABŞ Prezidenti Con Kennedinin qətli ilə bağlı arxiv sənədləri yaxın günlərdə nəşr ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Arxiv Agentliyinin (Rosarxiv) rəhbəri Andrey Artizov məlumat verib.
Artizovun sözlərinə görə, sənədlər “ABŞ Prezidenti Con F. Kennedinin qətli və sovet–amerikan münasibətləri” adlı topluda dərc olunacaq.
Qeyd olunur ki, 1963-cü ildə Kennedinin qətlindən bir həftə sonra SSRİ tərəfi ABŞ-yə hadisənin əsas fiquru sayılan Li Harvi Osvaldın 1962–1963-cü illərdə Vaşinqtondakı sovet səfirliyinin konsulluq şöbəsi ilə yazışmalarının surətlərini təqdim etmişdi. Daha sonra onun SSRİ-də, xüsusilə Minskdəki radiozavodda çalışması və səhhəti ilə bağlı əlavə sənədlər də göndərilib.
Rosarxivin rəhbəri bildirib ki, Kennedinin qətli ilə bağlı maraq bu günə qədər səngiməyib və yaxın gələcəkdə də davam edəcək. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bu hadisə ilə bağlı məxfi materialların dərcinə dair son qərarı da ölkədəki daxili siyasi gərginlik və xüsusi xidmət orqanlarının fəaliyyətinə dair suallarla bağlıdır.
Xatırladaq ki, Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində qətlə yetirilib. Rəsmi istintaq nəticəsində onun qətlini Li Harvi Osvaldın təkbaşına törətdiyi müəyyən edilmişdi.