BAKI, 15 oktyabr. TELEQRAF

Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox pilotsuz uçuş aparatı (PUA) verib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.

Nazirin açıqlamasına görə, Londonda eyni zamanda dronların sürətli istehsalını təmin etmək üçün yeni sənaye müqavilələri də imzalanıb. Bu addımlar Ukraynaya hərbi dəstəyin artırılması və döyüş meydanında texnologiyaların sürətlə tətbiq olunması məqsədi daşıyır.

11 oktyabrda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumu çərçivəsində Böyük Britaniya və Ukrayna LYRA proqramı çərçivəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutan sənəd imzalayıb. Sənədə əsasən, tərəflər döyüş sahəsi üçün texnologiyaları birgə inkişaf etdirəcək və istehsalın miqyasını artıracaq.

Rəsmi məlumata görə, göndərilən dronlar kəşfiyyat, müşahidə və hücum əməliyyatlarında istifadə olunur.

Böyük Britaniyanın Ukraynaya davamlı dron təchizatı və texnoloji əməkdaşlığı regiondakı hərbi-siyasi vəziyyət fonunda Kiyev üçün əhəmiyyətli dəstək hesab olunur.