BAKI, 10 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Afrika ölkələrinin liderləri ilə görüşdə onlardan daha qısa çıxış etməyi xahiş edib.
Teleqraf xəbər verib ki, görüşün əvvəlində Tramp təxminən 5 dəqiqə davam edən salamlama nitqi ilə çıxış edib.
Ondan sonra çıxış edən Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin nitqi təxminən 8 dəqiqə davam edib. Qəzuaninin çıxışının sonuna yaxın Tramp başını yelləməyə və Mavritaniya liderindən nitqini sürətləndirməyi işarə etməyə başlayıb. Qazuani ölkəsində mövcud olan təbii sərvətlər mövzusunda danışarkən Tramp onun sözünü kəsərək mavritaniyalı həmkarının çıxışını “çox qiymətləndirdiyini” qeyd edib.
"Yəqin ki, biz bir qədər daha sürətli hərəkət etməliyik, bizim qrafikimiz var. Əgər sadəcə özünüzü və ölkənizi təqdim etsəniz, əla olardı, təşəkkür edirəm", - o, Qvineya-Bisau lideri Umar Sisoku Embaloya müraciət edərək deyib. Qvineya-Bisau liderinin çıxışı isə cəmi bir dəqiqə davam edib.
Görüşdə həmçinin Qabon, Liberiya və Seneqal liderləri də iştirak ediblər. Onların çıxışları da 5 dəqiqədən çox çəkməyib.