BAKI, 4 iyul. TELEQRAF
ABŞ kiberfəzada KXDR də daxil olmaqla digər suveren dövlətlərə təhdidlər yaradır.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
İyun ayının sonunda ABŞ hakimiyyəti KXDR-in dörd vətəndaşını kriptovalyuta oğurluğunda ittiham edərək axtarışa verdi. KXDR XİN bunu Vaşinqton tərəfindən düşmənçilik təzahürü, "kibertəhdid haqqında əsassız versiyaya əsaslanan cəfəng böhtan" və xalq respublikasının nüfuzunu ləkələmək cəhdi adlandırıb. Pxenyan "KXDR vətəndaşlarının hüquq və maraqlarını pozan" ABŞ hüquq-mühafizə orqanlarının "təxribatından" narahatlığını ifadə edib.
"Beynəlxalq kiberfəzanı destabilizə edən real təhdid bizdən deyil, ABŞ-dən gəlir. Artıq çoxdan kiberfəzanı döyüş meydanına çevirən ABŞ, bizim ölkəmiz də daxil olmaqla suveren dövlətlərin kibertəhlükəsizliyinə fasiləsiz təhdid yaradır, həmçinin digər ölkələri gözdən salmaq üçün kibertəhlükəsizliklə bağlı məsələlərdən siyasi alət kimi sui-istifadə edir", - diplomat davam edib.
KXDR hakimiyyəti öz vətəndaşlarının "təhlükəsizliyi və hüquqlarının ardıcıl müdafiəsi üçün müvafiq mütənasib əks-tədbirlər görmək" hüququnu özündə saxlayır.