BAKI, 27 iyun. TELEQRAF

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmaq üçün yeni şərtlər irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan danışıb.

Onun sözlərinə görə, İrəvan təşkilata üzv olan dövlətlərin xüsusi bəyanat verməsini gözləyir, lakin bu son zamanlar deyil, 3-4 il əvvəl cərəyan edən hadisələrlə bağlıdır.

“Təşkilata üzv olan digər ölkələr 2021-2022-ci illərdə Azərbaycanla vəziyyətin gərginləşməsi ilə bağlı siyasi bəyanatlar verməsə, Ermənistan KTMT-də qalıb-qalmamaq barədə qərar qəbul edə bilər”, - nazir müavini söyləyib.

O bildirib ki, KTMT-nin tərəfdaşları, o cümlədən Rusiya Ermənistana müdaxiləni nəzərdə tutan hər hansı siyasi qərar qəbul etməməlidirlər: “Belə olduğu təqdirdə, Ermənistan öz qərarını verəcək”.

Qeyd edək ki, KTMT-yə hazırda Rusiya, Qazaxıstan,Tacikistan, Ermənistan, Qırğız Respublikası və Belarus daxildir.