BAKI, 26 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələrinin nəticələri haqqında məlumat sızıntısı baş verdikdən sonra Konqresə ötürülən məxfi məlumatların həcmini məhdudlaşdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Demokrat Partiyasının nümayəndələri artıq Ağ Evin bir sıra konqresmenlərə İrana zərbələr haqqında məlumat verməkdən imtina etməsindən narazılıqlarını bildiriblər.

İddia edilir ki, Konqresin məxfi məlumatlara çıxışının məhdudlaşdırılması Tramp administrasiyasına qarşı növbəti tənqid dalğasına səbəb ola bilər.

Daha əvvəl Senat üzvü Tim Keyn bəyan etmişdi ki, ABŞ-nin İrana qarşı hücum əməliyyatlarına başlamaq qərarı Konqresin təsdiqi olmadan qəbul edilib ki, bu da yolverilməzdir.