​BAKI, 18 may. TELEQRAF

Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “Balıqçının üzüyü” və “pallium” adlanan rəsmi geyimi qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

Qeyd edək ki, Roma Papasının ali hakimiyyət simvolları sayılan “Balıqçının üzüyü” və “pallium” adlanan rəsmi geyim elementləri onun taxta çıxışı mərasimi zamanı təqdim edilir. Bu simvollar Papalığın ən yüksək səlahiyyətlərini və məsuliyyətini rəmzləşdirir.

“Balıqçının üzüyü” qədim ənənəyə əsasən Müqəddəs Pyotra – xristianlığın ilk papasına istinad edir və Papaya həm ruhani rəhbər, həm də İsanın davamçısı kimi nüfuz verir. Üzük həmçinin Papaya göndərilən rəsmi sənədlərin möhürü kimi də istifadə olunur.

“Pallium” isə Papalığın dini və liturgik funksiyalarını simvolizə edən xüsusi bir geyim formasıdır. Onun forması və dizaynı xristian dini ənənələrində yüksək məna daşıyır və Papalığın ruhani rəhbərliyini vurğulayır.

***

12:09

Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimdə 250 minə yaxın zəvvarla yanaşı, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna prezidenti Volodimir Zelenski, Kanada baş naziri Mark Karni və Britaniya krallıq ailəsinin üzvü şahzadə Edvard da iştirak edirlər.

Təntənəli mərasim zamanı Papa ənənəvi olaraq papalığın rəmzləri olan “pallium” və “balıqçı üzüyü”nü qəbul edəcək. Bu simvollar onun Həvari Pyotrun varisi kimi vəzifəsini təsdiqləyir.

Papa XIV Leonun çıxışı zamanı barışıq, ədalət və insan ləyaqətinin qorunması kimi əsas mövzulara toxunacağı gözlənilir. O, Vatikanın qlobal dialoq üçün bir körpü rolunu oynayacağını vurğulamağa hazırlaşır.

Qeyd edək ki, Papa Roma yepiskopu vəzifəsini isə 25 mayda Lateran Bazilikasında keçiriləcək mərasimlə rəsmi olaraq qəbul edəcək. 69 yaşlı Robert Frensis Prevost (Papa XIV Leo), Roma Papası seçilmiş ilk amerikalı və ikinci latın amerikalı din xadimi kimi tarixə düşüb.

Canlı yayımı buradan izləyə bilərsiniz: