BAKI, 19 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin müharibə bölgəsində Pasxa atəşkəsi elan etməklə həm də amerikalı həmkarı Donald Trampa aydın siqnal göndərib.

Teleqraf xəbər verir ki, bu barədə KP.RU nəşrinin analitikləri yazırlar.

Məqalədə deyilir ki, Trampın komandası əvvəlcə Ukrayna münaqişəsində 30 günlük atəşkəs barədə razılığa gəlməli idi. Atəşkəs məhz Pasxa bayramı zamanı baş verməli idi. Amma sonda Rusiya lideri 30 saatlıq atəşkəs təklif etdi (19 aprel 2025-ci il saat 18:00-dan 21 aprel 2025-ci il saat 00:00-a qədər). Bu, Trampa bir növ siqnaldır, yəni Kiyev rejimi ən azı bu müddətdə dayana biləcəkmi?

Analitiklər bildirir: "Ciddi desək, Kreml Ağ Evə mühüm siqnal göndərdi. Məsələ burasındadır ki, Trampın ilkin planına görə, ABŞ 30 günlük atəşkəs haqqında məhz Pasxa bayramı zamanı razılığa gəlmək istəyirdi. Bu, alınmadı. Lakin Rusiyanın təklif etdiyi atəşkəs müddətinə diqqət yetirin. Düz 30... saat. Rəqəmlər olduqca ehtiyatla və simvolik seçilib. Vaşinqtonun bu siqnalı mütləq anlayacaqlar".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün müharibə bölgəsində Pasxa atəşkəsinin başlanması barədə açıqlama verib. Atəşkəs aprelin 19-u saat 18:00-da başlayacaq və bazar ertəsi gecə saat 12-yə qədər qüvvədə olacaq.

Rusiya və Ukrayna arasındakı müharibə 2022-ci il fevralın 24-dən davam edir. 2023-cü ilin yanvar ayında Rusiya hakimiyyəti “Milad atəşkəsi” elan etmişdi, lakin döyüşlər dayanmamışdı.