BAKI, 18 aprel. TELEQRAF

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb .

Qırmızı dəniz sahilində yerləşən Ras İsa limanı cümə günü gecə bombardman edilib. Bildirilir ki, 17 fəhlə və qulluqçu, o cümlədən 5 təcili tibbi yardım işçisi dünyasını dəyişib. Limanda böyük yanğın baş verib və yanğınla mübarizə hələ də davam edir.

Əl-Hodeyda qubernatoru Abdullah Oteif bildirib ki, Amerikanın hücumu mülki infrastruktur obyekti olan Ras İsa limanına qarşı yönəldilib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstəyindən əl çəkməyə məcbur edə bilməyəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iddia edir ki, ABŞ-nin zərbəsi Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras İsa limanını məhv edib.

"ABŞ qüvvələrinin hücumu Husilərin yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı. Ras İsa limanının dağıdılması radikal təşkilatı neft məhsullarının satışından və yanacağa çıxışından məhrum edib", - məlumatda qeyd olunur.