BAKI, 18 aprel. TELEQRAF

ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145% gömrük rüsumları azaldıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Müəyyən məqamda onların (tariflərin - red) qalxmasını istəmirəm. Mən rüsumların aşağı salmaq istəyə bilərəm ki, insanlar məhsulu ala bilsinlər", - dövlət başçısı bildirib.

O, Çinlə ticarət vəziyyəti həll olunana qədər "TikTok" müqaviləsini təxirə salmaq niyyətində olduğunu vurğulayıb: "Bizim "TikTok"la bağlı razılaşmamız var, lakin o, Çindən asılı olacaq, ona görə də hər şey yoluna qoyulana qədər müqaviləni dayandıracağıq. Məncə, bu, Çin üçün yaxşı sövdələşmədir. "TikTok" müqaviləsi Çin üçün yaxşıdır. Və düşünürəm ki, onlar bizim sövdələşmə etməyimizi istərdilər".

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.