BAKI, 17 aprel. TELEQRAF
Ukraynada müharibə başlayandan Almaniya Kiyevə 28 milyard avroluq hərbi yardım göstərib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytına məlumat öz əksini tapıb.
Almaniya Ukraynanın təhlükəsizliyinə 2022-ci ildə 1,6 milyard avro, 2023-cü ildə 5 milyard avro, 2024-cü ildə isə 7,1 milyard avro ayrıb.
Həmçinin Almaniya Ukraynaya təxminən 5,2 milyard avro dəyərində hərbi sursat göndərib. Bunlara 103 ədəd “Leopard 1 A5” döyüş tankı və 18 ədəd “Leopard 2A6” tankı, 6 ədəd “IRIS-T SLM” və “SLS” hava hücumundan müdafiə sistemi, 4 ədəd “Patriot” buraxılış qurğusu və 60 ədəd “Gepard” özüyeriyən zenit qurğu daxildir.
Almaniya bundan başqa Ukraynaya 25 ədəd “Panzerhaubitze” 2000 özüyeriyən haubitsa, 5 ədəd “MARS II” raket buraxılış sistemi və 3 ədəd HIMARS sistemi göndərib.
Bu günə qədər 10 mindən çox ukraynalı əsgər Almaniyada hərbi təlim keçib.