
BAKI, 17 aprel. TELEQRAF
”İngiltərə Almaniyanın Ukraynaya "Taurus" raketləri göndərmək qərarını dəstəkləyəcək".
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.
Almaniyanın gələcək kansleri Fridrix Merts Kiyevə raketlərin çatdırılmasına yaşıl işıq yandırmağa hazır olduğunu açıqlayıb. Ancaq müttəfiqləri Fransa və Böyük Britaniya buna razılıq verməlidir.
Britaniyanın xarici siyasət rəsmisi bildirib ki, Britaniya uzun müddətdir Almaniyanın “Taurus” raketlərini Ukraynaya verməsini müdafiə edir.
"Biz Ukraynanın suveren ərazisini müdafiə etmək üçün ən yaxşı vasitələrə malik olmasını təmin etməkdə Almaniya da daxil olmaqla tərəfdaşlarımızla işləməyə davam edirik. "Taurus" Rusiya ərazisinin dərinliklərində hədəfləri vura bilən güclü qanadlı raket sistemidir", - britaniyalı mənbə bildirib.
Keçmiş Almaniya kansleri Olaf Şolts daha əvvəl bu raketləri Ukraynaya verməkdən imtina etmişdi. O, Berlini Moskva ilə müharibəyə cəlb edə biləcək eskalasiyadan ehtiyat edirdi. Şoltsun yerinə gələn Merts isə belə bir addım atmağa hazır görünür.
Merts partiyasından (CDU) yüksək səviyyəli deputat bildirib ki, koalisiya daxilində məsələ ilə bağlı danışıqlar hələ də davam edir. Onun sözlərinə görə, Londonun dəstəyi Berlinə yekun qərarı verməyə kömək edəcək.