
BAKI, 17 aprel. TELEQRAF
Avropa İttifaqı Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalına qoyulan qadağanın tətbiqini təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə Aİ rəsmilərinə istinadən "Reuters" xəbər yayıb. Bu qərarın səbəbi bəzi hökumətlərin müqaviməti və alternativ təchizat mənbələri ilə bağlı qeyri-müəyyənlikdir.
"Əvəzində Komissiya 2027-ci ilə qədər blokun Rusiya enerjisindən asılılığına son qoymaq üçün yeni yol xəritəsi hazırlamaq istəyir. Plan mayın əvvəlində açıqlanmalıdır, lakin detallar hələ hazır deyil", - hesabatda deyilir.
İyuna qədər Komissiyanın Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketini təklif edəcəyi gözlənilir. Lakin Avropa rəsmiləri bunun üzərində işlərin ləng getdiyini deyirlər.
Bundan əlavə Aİ Amerika qazından asılılıqdan ehtiyatlanır. Hazırda ABŞ Rusiya və Norveçdən sonra AB-yə üçüncü ən böyük maye qaz tədarükçüsüdür.