
BAKI, 17 aprel, TELEQRAF
"Türkiyədə sülh üçün yaradılmış mühit bölgədə sabitliyin gücləndirilməsi üçün tarixi bir fürsətdir".
Teleqraf xəbər verir ki, bunu İraq Kürd Regional Rəhbərliyinin sədri Neçirvan Bərzani İraqın Süleymaniyyə şəhərində keçirilən forumda bildirib.
Neçirvan Bərzani sülhün özünə güvənən və güclü insanların üsulu olduğunu deyib: "Sülhdə heç kim itirməz. Hamımız qazanırıq və bölgə ölkələri inkişaf edir. Biz görürük ki, sülhü təmin etmək üçün proseslər gedir. Türkiyədə sülh üçün yaradılan mühit tarixi bir fürsət və prosesdir.
Bir daha qeyd etmək istərdik ki, biz bu prosesi alqışlayırıq və onun uğuru üçün hər cür dəstəyi veririk. Bu, regionda sabitliyin möhkəmləndirilməsi üçün tarixi fürsətdir. Bu həm də regionun bütün ölkələrinə fayda verəcək yeni səhifənin açılması deməkdir”.
Beynəlxalq münasibətlərin mahiyyətini dəyişdirəcək böyük geosiyasi hadisələrin baş verdiyini bildirən Bərzani Qəzza və Ukraynadakı müharibənin, böyük güclərin iqtisadi rəqabətinin bölgəyə də təsir etdiyini deyib.
Bərzani Suriya hökumətinin insan haqlarına əsaslanan, bütün komponentlərin hüquqlarının təmin olunduğu demokratik Suriya qurmasını arzuladığını ifadə edərək, “Suriyada kürd probleminin sülh yolu ilə həlli üçün bütün kürd qruplarının səsləndirdiyi tələblər sevindiricidir”, deyə bildirib.