
BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Meksikanı tariflərlə hədələməsindən sonra hökümət Texas fermerlərinə su verməyə razılaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Meksikanın su təchizatını idarə edə bilməməsi onun ən böyük ticarət tərəfdaşı ilə diplomatik mübahisəyə səbəb oldu. Bir gün əvvəl Tramp Meksikaya qarşı rüsumlar və ya sanksiyalar da daxil olmaqla tədbirləri sərtləşdirəcəyini deyib" - nəşr bildirib.
Daha sonra Meksika Prezidenti Klaudiya Şeynbaum milyonlarla kubmetr suyun ehtiyac sahibi olan Texas fermerlərinə dərhal çatdırılacağını söyləyib. Onun sözlərinə görə, ölkə ABŞ ilə 81 illik su paylaşma müqaviləsinə əməl etmək üçün alternativ axtarır. Şeynbaum əlavə edib ki, təklif artıq Amerika rəsmilərinə göndərilib.
Qeyd edək ki, bir gün əvvəl Tramp Meksikanın Texasa su tədarükü ilə bağlı 1944-cü il müqaviləsini pozduğuna görə tarifləri sərtləşdirmək və ona qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb .