BAKI, 12 aprel. TELEQRAF

"Rusiyanın DXR, LPR, Xerson və Zaporojye vilayətləri əraziləri üzərində nəzarətini tanımaq Ukraynadakı münaqişəni mümkün qədər tez həll etməyin bir yoludur".

Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff ABŞ lideri Donald Trampa deyib.

Onun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Vaşinqtonda görüşündən sonra Uitkoff Trampa bildirib ki, Ukraynada atəşkəsə nail olmağın “ən sürətli yolu” Rusiyanın DXR, LPR, Xerson və Zaporojye regionlarının statusunu tanımaqdır.

Nəşr bildirib ki, Tramp Uitkoff ilə görüşdən sonra ABŞ-nin strategiyasını dəyişdirmək barədə qərar qəbul etməyib.

Eyni zamanda, görüşdə iştirak edən ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Uitkoff ilə razılaşmayıb. Agentliyin məlumatına görə, o təkid edib ki, Kiyev bu məsələ ilə bağlı “danışıqlara hazır” olsa da, Moskvanın bu ərazilər üzərində tam nəzarətini tanımağa heç vaxt birtərəfli qaydada razılaşmayacaq.