BAKI, 5 mart. TELEQRAF

Çin Ukrayna böhranının siyasi həlli prosesində yeni tendensiyalar görür, sabit və davamlı sülhə nail olmağa imkan verəcək qərarlara ümid edir.

Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Syan deyib.

“Çin tərəfi Ukrayna böhranının siyasi həllində yeni dəyişiklikləri qeydə alıb”, - Lin Avropa ölkələri liderlərinin martın 2-də Londonda Ukrayna ilə bağlı görüşünü şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Çin Ukrayna məsələsində fikir ayrılıqlarını həll edərkən dörd prinsipə riayət etmək zərurətində israr etməkdə davam edir: bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət, fikir ayrılıqlarının həlli üçün dinc üsullardan istifadə və hər bir tərəfin legitim təhlükəsizlik narahatlıqlarını nəzərə almaq.

“Çin ümid edir ki, maraqlı tərəflər dialoq və məsləhətləşmələr vasitəsilə qarşılıqlı narahatlıqları nəzərə alan davamlı və uzunmüddətli həll yolları tapa biləcəklər”, - XİN sözçüsü əlavə edib.