Meksika səlahiyyətliləri ABŞ-ın Los-Anceles şəhərinə aparılmaq üçün Kolumbiyadan yüklənmiş 1,6 tondan çox kokainin müsadirə edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkə Daxili İşlər Nazirliyinin məlumatına görə, Mexiko şəhərində keçirilən əməliyyat nəticəsində gizli saxlanılan 1680 kiloqram kokain əldə edilib.

Narkotik maddə Mexikoda yük maşınınından ələ keçirilib. Müsadirə edilən kokainin bir kiloluq paketlərdə Kolumbiyadan yükləndiyi, bir hissəsinin Mexiko şəhərinə, qalanının isə ABŞ-ın Los-Ancelesə aparılmasının istəndiyi bildirilib.

Səlahiyyətlilər, 80-dən çox mühafizəçinin iştirakı ilə həyata keçirilən əməliyyatda 4 Meksika vətəndaşının da saxlanıldığını və şübhəlilərdən 3-nə qarşı cinayət işinin açıldığını bildirib.

Ehtimal olunur ki, narkotik maddələr Sinaloa və Duranqo ştatlarında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupa aiddir.

Qeyd edək ki, Sinaloa mafiyasına hazırda ABŞ-da həbsdə olan məşhur narkobaron “El Çapo” Quzmanın rəhbərlik edir.

Müsadirə edilən kokainin bazar dəyərinin 19 milyon 610 min dollar olduğu bildirilir.