BAKI. 22 iyul. TELEQRAF

"Bakı seçimindən məmnunuq".

Teleqraf xəbər verir ki, bunu UFC-nin prezidenti Dana Uayt Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndən sonra mətbuat konfransında deyib.

56 yaşlı funksioner Bakını bəyəndiklərini söyləyib: “Təkcə mən yox, bizimlə işləyən heç kim buranı tanımırdı, amma yenə də çox bəyəndik. Buranın yeməkləri, otelləri əladır. Bizim üçün gözəl təcrübə idi”.

Uayt gecənin əsas döyüşündə Camal Hill üzərində qələbə qazanan Xalil Rauntrinin çıxışını dəyərləndirib: “O, Aleks Pereyra ilə döyüşdən sonra geridönüş etmək istəyirdi. Çox ciddi taktikası var idi. Öz performansını inkişaf etdirib”.

O, Bakını seçməkdə məmnuq qaldıqlarını vurğulayıb: “Biz hər yerdə olmaq istəyirik. Buranı niyə seçdiyimizi xatırlamıram. Amma seçimimizdən məmnunuq”.

Dana Uayt UFC-nin Qazaxıstanda mümkün təşkili barədə sualı cavablandırıb: “Nyu-Yorkda çoxlu qazax var və hamısı bunu bizdən soruşur. Bunu bilmirəm, amma nə vaxtsa olacaq”.

O, güləş üzrə olimpiya çempionu Abdulraşid Sadullayevin UFC-ə mümkün keçidini şərh edib: “Bu, mümkündür, amma ətraflı heç nə bilmirəm”.

UFC prezidenti yarım ağır və ağır çəki çempionu Con Consun karyerasını rəsmən bitirdiyini əlavə edib.

Uayt Rafael Fiziyevlə Castin Qeycinin revanş görüşünün ehtimalını istisna etməyib: “İstəkləri olsa, döyüş təşkil olunacaq”.

O, qazaxıstanlı Maksum Azat üstün olduğu halda, hakimlərin qələbəni rusiyalı Tagir Ulanbekova verməsini belə şərh edib: “Hakimlərin qərarları hər zaman sual doğuracaq. Hakim qərarı ilə uduzan döyüşçü bizim özümüz üçün qalib gəlmiş tərəfdir”.

Uayt məşhur döyüşçü Zabit Magomedşaripovun yenidən UFC-yə dönüşü barədə sualı da cavablayıb: “Bunu onun özündən zəng edib soruşun”.