BAKI, 18 iyun. TELEQRAF

“Bakıda hər şey çox yüksək səviyyədədir. Burada belə qarşılanmanı gözləmirdim. Ən yaxşı azarkeşlərim Azərbaycandadır”.

Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Xalil Rauntri Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
35 yaşlı amerikalı Bakıya döyüşdən iki həftə öncə gəldiyini söyləyib: “Uyğunlaşma üçün belə etdim. Məşq kampında hər şeyi analiz etmişik. Ən yaxşı formamdayam”.
O, Nazim Sadıxovun məşqçisi Con Vudla birgə çalışdığını bildirib: “O, əla məşqçidir. Çox yüksək səviyyəli zalda məşq edirik”.
Rauntri rəqibləri ilə bağlı da fikir fikirlərini bölüşüb: “Hazırda ancaq döyüşü gözləyirəm. Liqada vəziyyət qarışıqdır. Çempion Maqamed Ankalayevin növbəti rəqibi bilinmir. Ancaq bu döyüşə fokslanmışam”.
UFC döyüşçüsü Camal Hillin görüşün qəribə olacağı barədə fikirlərinə isə belə reaksiya verib: “Onun bunu nə mənada dediyini bilmirəm. Bəlkə də o mənim qələbə qazanacağımı düşünür”.
O, “Qarabağ” futbol klubunun formasını əldə etməsi barədə də sualı cavablandırıb: “Bunu özüm molldan almışam. Azarkeşlərin məni gözəl qarşıladığına görə həm köynəyi almışam, həm də papaq almışam. Bunları özümlə aparacağam”.
Rauntri Aleks Pereyraya məğlub olsa da, UFC-də potensialını açdığını qeyd edib: “Bəli, mənim nələr bacardığımı gördülər. Bundan sonra rəqiblərin ancaq “top döyüşçülər” olacaq. Əminəm və inanıram ki, çempion ola biləcəyəm”.
O, döyüşün gərgin keçəcəyini hesab edir: “Mənim üzümü necə görürsünüzsə elə də qalacaq. İnanmıram kı, mənim qanım oktaqona axsın. Burnumdan əməliyyat olmuşdum. Hazırda hər şey yaxşıdır. Əminəm ki, üzümə zərbə dəyməyəcək”.
35 yaşlı idmançı döyüşün bir neçə dəfə təxirə salınmasının ona pis təsir etdiyini açıqlayıb: “Buna görə bir az həvəsdən düşmüşdüm. Amma bunu mental olaraq özümə avantaj kimi qəbul etdim. İndi hər şey yaxşıdır, tam hazıram”.
Rauntri sonda “vegetarian olduğunuzu eşitmişik, Azərbaycanda isə çoxlu ət yeməkləri var” sualına bu cür reaksiya verib: “Bəli, Azərbaycan kababları fantastikadır. Çayınızı da bəyəndim. Növbəti dəfə gəlib bunları yenidən dadmaq istəyirəm”.
Qeyd edək ki, orta ağır çəki dərəcəsində mübarizə aparan Xalil Rauntri gecənin əsas döyüşündə Camaal Hilllə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.