BAKI,18 oktyabr. TELEQRAF
Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması da müzakirə mövzusuna çevrilib.
Bəs, bu prosedur necə olur?
Teleqraf bu məqamda qeyd edir ki, Ramiz Mehdiyevin AMEA-dan xaric edilməsi üçün əvvəlcə məhkəmə qərarı olmalıdır.
Yəni, məhkəmədə Ramiz Mehdiyevin təqsiri sübuta yetirilməlidir.
Maraq üçün bildirək ki, akademikin ittiham olunduğu maddələrdən biri də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasıdır.
CM-nin 193-1.3.2-ci maddəsinin sanksiyasında 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə nəzərdə tutulub.
Yəni, AMEA-nın Ramiz Mehdiyevə görə toplaşması üçün əsas bu maddə üzrə təqsiri məhkəmədə sübuta yetirilməlidir.
Qeyd edək ki, bu aqibətlə üzləşən və AMEA-dan xaric edilən daha bir sabiq məmur var. Söhbət keçmiş səhiyyə naziri Əli İnsanovdan gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin təqdimatına əsasən, AMEA-da 2007-ci ilin mayın 4-də məhz Əli İnsanovun həqiqi üzvlükdən çıxarılması üçün toplantı keçirilib.
Yığıncağa həmin vaxt AMEA-nın prezidenti olan akademik Mahmud Kərimov rəhbərlik edib.
2001-ci ildə həqiqi üzvü seçilmiş Əli İnsanovun AMEA-dan xaric edilməsi üçün gizli səsvermə keçirilmiş, 56 nəfərdən yalnız biri buna qarşı çıxmışdı.
Maraqlı məqam odur ki, Əli İnsanov 2007-ci ildə AMEA-dan xaric edildikdən sonra Ramiz Mehdiyev həmin tarixdə həqiqi üzv seçilmişdi.