BAKI, 15 oktyabr. TELEQRAF
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, Ramil Həsən MSK-ya müraciət edərək Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib.
Qərar səsvermə yolu ilə qəbul edilib.
***
16:07
Bu gün Mərkəzi Seçki Komissiyasında Milli Məclisin deputatı Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə bağlı iclas keçirilir.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, yeddinci çağırış Milli Məclisin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiyanın sədr müavini Rövzət Qasımov, Komissiyasının katibi Arifə Muxtarova və Mikayıl Rəhimov iştirak edirlər.
Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib. O, vəzifəsinin icrasına bu gün başlayıb.