BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycan Respublikasına rəsmi səfərdə olmağın necə şərəfli və xoş olduğunu bildirmək istəyirəm. Bu, parlament sədrlərinin 2014-cü ildən bəri ilk görüşüdür.

Teleqraf xəbər verir ki, bu sözləri Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisdə azərbaycanlı həmkarı Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, səfərin məhz bu il, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən bir vaxtda baş tutmasını xüsusilə vurğulamaq lazımdır: "İnanıram ki, biz geridə qalan üç onillik ərzində əldə etdiyimiz nailiyyətlərlə qürur duya bilərik. Xorvatiya ilə Azərbaycan intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olan strateji tərəfdaşlar və dostlardır. Xorvatiya Azərbaycanla Ermənistan arasında sülh və münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişləri qətiyyətlə dəstəkləyir".