BAKI, 30 sentyabr. TELEQRAF

"Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanları hamı bilir. Belə keçidlər 20 Yanvar dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Hikmət Məmmədov deyib. O bildirib ki, bunların nizamlanması ilə bağlı xüsusi ekspertlərin dəvət olunması və bu keçidlərin işlək vəziyyətə gətirilməsi problemi həll edilə bilər:

"Əslində şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin, biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir", - o əlavə edib.