BAKI, 25 iyul. TELEQRAF
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Həmçinin elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Eyni zamanda, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.
Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır. Vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.