BAKI, 21 iyul. TELEQRAF
Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası təsdiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək və 2 il müddətində qüvvədə qalacaq.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır.
Belə ki, qərarın tətbiq dairəsi də müəyyənləşib.
Azərbaycan ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə
daşındıqda;
Azərbaycan ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;
ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycannın gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;
ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə; avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra həmin dəmir yolu stansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən geri daşıdıqda.