BAKI, 14 iyul. TELEQRAF

Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.

Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Axar-Baxar Milli Parkı yaradılacaq.

Həmçinin Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə İlisu Milli Parkının yaradılması nəzərdə tutulur.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.