ŞUŞA, 15 iyun. TELEQRAF
“Zəngəzur dəhlizinin açılması regional və beynəlxalq kommunikasiyalarda yeni istiqamətlər yaradacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin müavini Əli Əhmədov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov Azərbaycanın region ölkələri ilə qurduğu münasibətlərin etibarlı əməkdaşlığa əsaslandığını və Zəngəzur dəhlizinin bu kontekstdə mühüm rola malik olduğunu bildirib.
O, Şuşada keçirilən beynəlxalq konfransın həm tarixi gündə, həm də rəmzi məkanda keçirilməsini xüsusi vurğulayıb.
YAP sədrinin müavini tədbirin 15 iyun - Milli Qurtuluş Günü baş tutmasının onun siyasi və mənəvi əhəmiyyətini daha da artırdığını bildirib: “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Azərbaycana qayıdışı ilə əsası qoyulan müstəqil dövlətçilik bu gün Prezident İlham Əliyevin əldə etdiyi tarixi Zəfər sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu möhtəşəm tədbirin məhz Şuşada keçirilməsi bu siyasi ardıcıllığın və qayıdış məfkurəsinin təntənəsidir”.
Dünyada mövcud olan siyasi təhdidlərə toxunan Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu çağırışlara adekvat cavab verir və milli maraqlara əsaslanır: "Azərbaycanın sülh gündəliyi Cənubi Qafqazda davamlı və etibarlı sülhün təmin olunmasına xidmət edir".
Əli Əhmədov əlavə edib ki, müasir dövr bəşəriyyəti yeni və ciddi təhlükələrlə üz-üzə qoyub və bu dəyişikliklər yeni çağırışları da özü ilə gətirir: “Tarix boyu insanlıq bu cür dönüş nöqtələrinin şahidi olub. Azərbaycanın bu çağırışlara qarşı hazırlıqlı olması dövlətçilik uğurlarının nəticəsidir".