BAKI. 4 iyun. TELEQRAF

Prezident İlham Əliyev iyunun 4-də Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Həmçinin İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.