BAKI, 22 may. TELEQRAF
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix‑memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün 1 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir:
"XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır".
Sərəncama əsasən, Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix‑memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.