BAKI, 16 may. TELEQRAF
"Müşahidələr göstərir ki, sosial şəbəkələr vasitəsilə xarici ölkələrə getmək arzularını reallaşdıran qadınlar daha çox cinsi istismara, kişilər isə qanunsuz əməyə cəlb edilirlər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun parlamentdə illik məlumatının müzakirəsi zamanı deyib.
"Azərbaycanda isə bununla bağlı vəziyyət nəzarət altındadır. İnsan alveri ilə məşğul olan cinayətkarlar, mütəşəkkil təşkilatlar bununla mübarizə aparmalı olan şəxsləri də öz çirkin əməllərinə cəlb edirlər. Daxili İşlər Nazirliyi tərəfindən dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə işlər aparılır. Bundan başqa, xaricə əmək arxasınca gedən şəxslərlə iş düzgün qurulub. Görürük ki, müharibə bölgəsindən inkişaf etmiş ölkələrə gedən qadınlar cinsi istismara məruz qalırlar. Mətbuatda çoxsaylı faktlar var. Azərbaycanda bu sahə nəzarətdədir. Narkotik maddələrin yayılması və insan alveri ilə məşğul olan şəxslər bu cür cinayətlərə qarşı mübarizə aparan orqanların, şəxslərin əməkdaşlarını öz çirkin işlərinə cəlb edirlər. Azərbaycanda belə faktlar varmı və buna qarşı hansı addımıar atılır?" , - deyə deputat əlavə edib