BAKI, 13 may. TELEQRAF
“Qlobal Cənub platforması BMT-nin müxtəlif strukturları, məsələn, ECOSOC, UNEP, UNFCCC yanında rəsmi müşahidəçi statusu və ya daimi təmsilçilik hüququ qazansa, bu, onun legitimliyini və səsinin eşidilməsini gücləndirəcək”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.
Deputat bildirib ki, bu, 3 istiqamətdə mühüm inkişafa səbəb olacaq:
"1. Qlobal Cənubun problemləri daha effektiv şəkildə beynəlxalq gündəmə çıxarıla bilər;
2. QHT-lərin iştirakı ilə qərarların hazırlanmasına inklüziv yanaşma təmin oluna bilər;
3. Beynəlxalq siyasətdə yalnız dövlətlərin deyil, cəmiyyətlərin də maraqları nəzərə alına bilər".
P.Vəliyeva xatırladıb ki, bu platformada 116 ölkədən qeyri-hökumət təşkilatları təmsil olunur və onun katibliyinin Bakıda yerləşməsi Azərbaycanın beynəlxalq ictimaiyyətə töhfəsinin, eyni zamanda Qlobal Cənubun səsinin daha mərkəzi səviyyədə çatdırılmasına verdiyi dəstəyin nümunəsidir:
“Qlobal Cənub QHT Platformasının Bakıda təsis edilməsi və onun katibliyinin ölkəmizdə yerləşməsi bu baxımdan strateji və simvolik əhəmiyyət daşıyır. Belə bir platforma gələcəkdə yalnız birgə təşəbbüslərin təşkili üçün deyil, həm də Qlobal Cənub ölkələri arasında həmrəylik, məlumat mübadiləsi, ortaq siyasi təzyiq və beynəlxalq hüququn müdafiəsi baxımından unikal mərkəz rolunu oynaya bilər”.