BAKI, 14 may. TELEQRAF
2020-2023-cü illər aralığında BMT-də Azərbaycana qarşı neqativ cəhdlər olub, amma Qoşulmama Hərəkatına (QH) üzv olan dövlətlər tərəfindən neytrallaşdırılıb.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.
O bildirib ki, Qlobal Cənub çərçivəsində əməkdaşlıq vacibdir:
"Qlobal Cənub artıq diskusiyalar platforması deyil, konkret addımlar atılır. Məsələn, Cənubi Afrika Respublikası İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. Bundan başqa, Yaxın Şərqdə tərəfdaşlar artır. Bizim da burada partnyorlarımız var. Biz Qlobal Cənubla işləyərkən fayda əldə edə bilərik və etmişik. Qoşulmama Hərəkatı və s. buna nümunədir. BMT-də Azərbaycana qarşı 2020-2023-cü illər aralığında neqativ cəhdlər olub, amma Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən bu neytrallaşdırılıb".