BAKI, 14 may. TELEQRAF

"Azərbaycan xarici siyasətində çoxtərəfliliyə üstünlük verir".

Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.

XİN rəsmisi bildirib ki, hazırda çoxtərəflilik mürəkkəb dövrü keçir, xarici təsirlər var:

"Qlobal cənub iqtisadi və siyasi cəhəttdən inkişaf edir. Bunu bir neçə təşkilatın timsalında görmək olar. "G20" artıq Afrika ölkələrini tamhüquqlu üzv kimi qəbul edib. BRICS təşkilatı da genişlənir, 4 tamhüquqlu üzv qoşulub, onlardan iksi Afrika ölkəsidir.

COP29-dan sonra Azərbaycanın Afrika ölkələri ilə yaxınlaşması davam edir. COP29-un nəticələrinə diqqət yetirsək, əldə olunan maliyyə kəmiyyətinin miqdarı əsas idi. Bunun uzun illər əldə edilməsinə nail olunmamışdı. Bakıda isə 300 milyard dolların əldə olunmasına səbəb oldu. Bu da Azərbaycana olan etimaddan irəli gəlir. Fərqli ziddiyətə malik olan ölkələr Azərbaycanı körpü kimi görür. Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması da tarixi əhəmiyyətə malik idi".

Y.Rəfiyev əlavə edib ki, Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı keçiriləcək və ölkəmiz 2 il təşkilata sədrlik edəcək: "Həmçinin dünya Şəhərsalma Forumu da Bakıda olacaq. 7 namizəd arasında Azərbaycana üstünlük verilmişdi. Bu da ölkəmizin nüfuzundan xəbər verir".