BAKI, 7 oktyabr. TELEQRAF
“Azərbaycan ərazisindən Ermənistan üçün marşrutların açılmasından bir il ötəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Tezliklə Ermənistan üçün Azərbaycan ərazisindən dəmir yolunun açılmasından bir il ötəcək, bu müddət ərzində kifayət qədər böyük həcmdə idxal həyata keçirilib. Həmçinin dəmir yolu ilə ixrac imkanları da mövcuddur”, - o, parlamentdə çıxışı zamanı bildirib.
Müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyanın sualına cavabında baş nazir qeyd edib ki, TRIPP-lə bağlı Ermənistan-ABŞ razılaşması yalnız Ermənistan və ABŞ parlamentlərində ratifikasiya edilməlidir və bu razılaşma Azərbaycan parlamentində ratifikasiya olunmayacaq: “Bunun sadə bir səbəbi var: bu, Ermənistan və ABŞ hökumətləri arasında bağlanmış razılaşmadır. Bəşər tarixində və sazişlərin ratifikasiyası tarixində belə bir presedent yoxdur ki, iki ölkə arasında imzalanmış razılaşma üçüncü ölkədə də ratifikasiya edilsin”.