BAKI, 18 may. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyanın Loridə apardığı seçki kampaniyası zamanı müxalif “Güclü Ermənistan” Partiyasının bir qrup tərəfdarı tərəfindən maneə törədilməsi və təxribat törədilməsi ilə bağlı cinayət işi başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İş üzrə 6 nəfər həbs edilib, 1 nəfər ev dustaqlığına buraxılıb, 3 nəfərin məhkəmə iclası isə hələ keçirilməyib.
Mayın 16-da “Güclü Ermənistan”ın bir qrup tərəfdarı Noraşen qəsəbəsində yolun hərəkətli hissəsində avtomobillərlə bağlayaraq, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı kampaniyasının normal gedişatına mane olublar.
Bundan əlavə, həmin gün “Güclü Ermənistan”ın bir qrup tərəfdarı Metsavan qəsəbəsində “Vətəndaş Müqaviləsi”nin tərəfdarlarına qarşı zorakılıq tətbiq edərək, seçki kampaniyanın gedişatına mane olmağa cəhd ediblər. Qeyd olunan hallar üzrə Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri çərçivəsində cinayət işi başlanıb.
Cinayət prosesi çərçivəsində 10 nəfər saxlanılıb.