BAKI, 22 aprel. TELEQRAF

İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT ECOSOC (İqtisadi və Sosial Şura) Gənclər Forumu çərçivəsində baş tutan “Qoşulmama Hərəkatı Gənclərinin Baxışı: Mina Fəaliyyətində Regional və Qlobal Əməkdaşlıq” adlı tədbirdə çıxış edib.

Teleqraf xəbər verir ki, o, çıxışında mina fəaliyyəti sahəsində regional və qlobal əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu prosesdə gənclərin roluna xüsusi diqqət çəkib.

Tədbir zamanı Ramin Həbibzadə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 2023-cü ildə təsis olunmuş “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclər Platforması” haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu platformanın məqsədi mina qurbanlarının, xüsusilə, gənc qurbanların səslərinin eşidilməsini təmin etmək, gənclərin rəhbərlik etdiyi müdafiə və reabilitasiya təşəbbüslərini dəstəkləmək və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Tədbirdə ECOSOC Gənclər Forumunda iştirak edən müxtəlif ölkələrdən gəlmiş gənc nümayəndələrlə yanaşı, BMT və onun agentlikləri, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ANAMA və digər qurumların nümayəndələri də iştirak ediblər. Tədbir mina fəaliyyəti sahəsində gənclərin daha geniş iştirakının təşviqi və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.