BAKI, 28 iyul. TELEQRAF

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirərək, bir neçə dəfə regionun sərhədləri boyunca dövrə vurub.

Teleqraf xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbəyə istinadla məlumat yayıb.

Rumıniyanın Konstansa şəhərindəki daimi bazasından havaya qalxan “Bombardier Artemis II” təyyarəsi Kalininqrad sərhədləri boyunca bir neçə dövrə vurub.

Təyyarə Polşa və Litvanın hava məkanında hərəkət edir və Baltik dənizinin neytral suları üzərindəki ərazilərə daxil olmur. 11 kilometr yüksəklikdə uçur və hərəkəti zamanı mülki sərnişin təyyarələrinin də istifadə etdiyi hava dəhlizlərindən istifadə edir.

“Bombardier Artemis II” bundan əvvəl Qara dənizin cənub hissəsində - neytral sular üzərində 6 saatdan çox dövrə vurub. Bu, həmin ərazidə NATO aviasiyasının fəaliyyət müddəti baxımından bir növ rekord olub.

Kalininqrad vilayəti yaxınlığındakı uçuşlara toxunan mənbə qeyd edib ki, bu tip kəşfiyyat təyyarəsi adətən Rusiya regionu ətrafında tam dövrə vurur. Belə uçuşlardan biri iyulun 23-də həyata keçirilib.

Qeyd edilib ki, ancaq quru sərhədləri boyunca uçuşların həyata keçirilməsi kifayət qədər nadir hallarda baş verir. Bununla belə, son iki ay ərzində belə halların da qeydə alındığı vurğulanıb.