BAKI, 10 iyun. TELEQRAF

“Avropa İttifaqında (Aİ) İsrailə qarşı sanksiyaların sərtləşdirilməsinə dair yekdillik yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Bu məsələdə yekdillik yoxdur. Həmişə soruşurlar ki, niyə Rusiya-Ukrayna ilə bağlı vahid mövqeyiniz var, amma İsraillə bağlı yox? Tarixi səbəblərə görə: vəziyyətlə bağlı fərqli baxışlara malik ölkələr var və vahid mövqeyə gəlmək olduqca çətindir”, - o, İrlandiyanın RTE telekanalına verdiyi müsahibədə bildirib.

Müxbir daha sərt sanksiyaların tərəfdarı olan ölkələrə nümunə olaraq İrlandiya, İspaniya və Sloveniyanı göstərib. Kallas cavab olaraq qeyd edib ki, bu üç ölkə bu mövqedə tək deyil, daha çox sanksiya tələb edən digər dövlətlər də var.

O əlavə edib ki, Avropa Komissiyası tezliklə İsrailə qarşı yeni tədbirlər təklif edəcək. Amma Kaya Kallas onların qəbul edilməyəcəyinə inanır.