BAKI, 21 aprel. TELEQRAF
“Avropa İttifaqının (Aİ) genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Avropa qitəsinin formalaşmasını başa çatdırmalıyıq ki, Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməsin. Daha geniş və geosiyasi kontekstdən düşünməliyik”, - o bildirib.
Leyenin sözlərinə görə, Avropanın köhnə - Rusiyadan ucuz enerji resursları, Çindən ucuz işçi qüvvəsi və ABŞ tərəfindən təmin edilən təhlükəsizlik zəmanətlərinə əsaslanan model artıq mövcud deyil: “O dövr başa çatıb, indi Avropa öz gücünü müstəqil şəkildə qurmalı, yeni çağırışlara cavab vermək üçün müttəfiqlər dairəsini genişləndirməlidir”.
Komissiya rəhbəri həmçinin Aİ-də qərarların qəbulu məsələsinə toxunaraq vurğulayıb ki, xüsusilə xarici siyasət sahəsində yekdillik prinsipindən imtina etmək lazımdır. Leyenin fikrincə, Aİ-nin Xarici İşlər Nazirlərinin Şurasında çoxluq səsverməsinə keçid Avropanın daha sürətli və effektiv qərarlar qəbul etməsinə imkan verəcək.
Enerji siyasətindən danışan fon der Leyen qeyd edib ki, bərpaolunan enerji ilə yanaşı, nüvə enerjisi də zəruridir.