BAKI, 8 oktyabr. TELEQRAF

“İstənilən bir ölkə qlobal təhlükəsizliyə xələl gətirən nüvə sınaqları ilə bağlı səhv qərar qəbul edərsə, Moskva eyni cür cavab verəcək və reaksiya özünü çox gözlətməyəcək”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əgər lazımi imkanlara malik olan hansısa ölkə sınaqlar keçirmək üçün səhv və zərərli qərarlar qəbul edərsə, əlbəttə, Vaşinqton bizim əsas diqqətimizdədir, o zaman biz eyni şəkildə cavab verəcəyik və bu, çox çəkməyəcək”, - Ryabkov bildirib.

Həmçinin rusiyalı diplomat qeyd edib ki, ABŞ çoxdan nüvə sınaqlarına hazırlıq yolundadır: “Vaşinqton çoxdandır nüvə sınaqları üçün zəruri olan infrastrukturu hazır vəziyyətə gətirmək üçün çalışır”.

Xatırladaq ki, hazırda 9 ölkədə nüvə silahı var. Həmin ölkələr bunlardır: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Pakistan, Hindistan, Şimali Koreya və İsrail.