TOVUZ, 9 aprel. TELEQRAF
Valideynlərinin imtina etdiyi uşaqların səhhətində son durum açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 9 aprel 2026-cı il tarixində saat 14:10 radələrində 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı oğlan uşağı Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin vəziyyəti qənaətbəxşdir.
***
15:49
Atılan uşaqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Teleqraf-ın Qərb bürosuna bildirib ki, ata alkoqol alüdəçisidir, ananın isə psixoloji problemləri var.
"Tovuz Rayon İcra Hakimiyyətinə uşaqların baxımsız qalması barədə qonşu məlumat verib. İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, uşaqların baxımsız olduğu təsdiqlənib. Uşaqlar müayinə üçün ilkin olaraq xəstəxanaya yerləşdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyi də məlumatlandırılıb. Məsələ ilə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək" - açıqlamada qeyd olunur.
Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Məlumata görə, uşaqların mövcud vəziyyəti qiymətləndirilib.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Ailənin yaşadığı ev.
***
15:01
Tovuz rayonunda valideynləri tərəfindən atılan üç azyaşlı uşağın kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).
Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.
Uşaqların dövlət himayəsinə veriləcəyi gözlənilir.
***
14:19
Tovuz rayonunda üç azyaşlı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis nəzarəti altında gətirilən uşaqlar tibb müəssisəsinə yerləşdirilib.
İlkin məlumata görə, xəstəxanaya yerləşdirilənlərin hər üçü oğlandır. Bildirilir ki, azyaşlılar "Avtoşkola" kimi tanınan ərazidəki sığınacaqda yaşayırmışlar. Valideynləri uşaqların dövlət himayəsinə verilməsi üçün müraciət ediblər.