BAKI, 9 aprel. TELEQRAF

“İranın Ali rəhbəri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə etməklə məşğuldur”.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“O, sağlamdır, hər şeyə nəzarət edir”, - diplomat qeyd edib.

Müctəba Xameneinin hansı səbəbdən ictimaiyyət arasında çıxmaması ilə bağlı suala cavab olaraq Xətibzadə konkret danışmayıb.

Xarici işlər nazirinin müavini “ABŞ-nin bütün beynəlxalq qanunları pozduğu və dövlət başçısını öldürdüyü hazırkı son dərəcə təhlükəli vəziyyət”i nəzərdən keçirməyə çağırıb. O əlavə edib ki, ABŞ-nin tərəfdaşı İsrail heç kimi öldürməkdən çəkinmir.

“The Times” bundan əvvəl mənbələrə istinadla İranın yeni ali rəhbərinin ağır yaralandığı, müalicə aldığı və qərar qəbuletmədə iştirak etmədiyi barədə məlumat yayıb.