BAKI, 9 aprel. TELEQRAF
Bakıda Xəzər Universitetində Ukraynada davam edən müharibəyə həsr olunmuş "Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri" adlı sərginin açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, sərginin açılışını Azərbaycanda səfərdə olan Litvanın Baş naziri İnqa Ruqinene edib.
Baş nazir öz çıxışında müharibədən zərər çəkmiş insanlara göstərilən humanitar dəstəyin və beynəlxalq həmrəyliyin müstəsna vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev müharibənin dörd ildən artıqdır davam etdiyini xatırladaraq, Azərbaycan və Litva dövlətlərinin ukraynalı qaçqınlara göstərdiyi dəstəyi yüksək qiymətləndirib:
"Azərbaycan və Litva müharibə dəhşətlərindən qaçan minlərlə ukraynalı üçün ikinci evə, etibarlı sığınacağa çevrilib”.
Əsərlərin müəllifləri tanınmış litvalı fotoqraflar Antanas Sutkus, Arturas Morozovas və Tadas Kazakyaviçyusdur.
Tədbir bədii hissə ilə yekunlaşıb.