BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə və müharibəyə son qoymaq üçün Rusiyaya təzyiqi artırmağa hazır olduğunu bildirib, amma bunun müqabilində Avropa ölkələrindən Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etmələrini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə mənbələr “Politico”ya məlumat veriblər.
Ağ Ev rəhbəri bu barədə G7 sammiti çərçivəsində keçirilən qapalı danışıqlar zamanı danışıb. G7 liderləri boğazın təmizlənməsini dəstəkləməkdən imtina etmədiklərini, amma bunun üçün müəyyən şərtlərin vacib olduğunu deyiblər. Fransa Prezidenti Emmanuel Makron minaaxtaran gəmilərin göndərilməsinin yalnız ABŞ-nin rəsmi tələbi və prosesdə iştirak edən digər tərəflərin, xüsusən də İran və Omanın razılığı ilə mümkün olduğunu vurğulayıb.
Məsələ barədə razılaşma əldə olunmasa da, Almaniya Kansleri Fridrix Merts Trampla danışıqlardan sonra nikbinlik ifadə edib.
“Politico” qeyd edib ki, Avropa liderləri əvvəllər ABŞ Prezidentinin Ukraynanı ərazi güzəştlərinə getməyə məcbur edə biləcəyindən narahat idilər. Bu qorxular Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığından sonra daha da artmışdı. Amma Amerika lideri gözlənilmədən Vaşinqtonun yenidən Rusiyanın neft sektoruna qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu elan edib. Tramp vurğulayıb ki, Rusiya razılığa gəlməlidir.
G7 liderləri neft-qaz sektorunda sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmaq niyyətlərini açıqlayan birgə bəyanat yayıblar. Sənəddə bildirilir ki, ABŞ İranla Hörmüz boğazını açmaq barədə razılığa gəldiyindən məhdudiyyətləri sərtləşdirmək üçün əlverişli zamandır.