BAKI, 3 yanvar. TELEQRAF

Venesuela hakimiyyəti Prezident Nikolas Maduronun və həyat yoldaşının harada olduğunu bilmədiklərini açıqlayıb.

Teleqraf "CNN"ə istinadən xəbər verir ki, bu barədə Venesuela vitse-prezidenti Delçi Rodriges məlumat verib.

Rodriges dövlət televiziyası "VTV Venezuela"ya verdiyi açıqlamada Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin hazırda harada olduqlarının məlumatsız olduğunu bildirib.

Vitse-prezident qeyd edib ki, ABŞ-nin ölkəyə endirdiyi zərbələr nəticəsində ölkə üzrə dövlət məmurları, hərbçilər və mülki şəxslər həlak olub. O, ABŞ Prezidenti Donald Tramp administrasiyasından Maduronun və onun həyat yoldaşının sağ olduqlarını təsdiqləyən təcili sübut tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hücumlar həyata keçirildiyini və Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə saxlanılaraq ölkədən çıxarıldığını açıqlamışdı.

***

13:31

Birləşmiş Ştatlar Venesuelaya qarşı böyükmiqyaslı əməliyyat aparıb. Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, əməliyyat ABŞ hüquq-mühafizə orqanlarının dəstəyi ilə baş tutub. Yaxın vaxtlarda əlavə məlumat veriləcək.

Prezident həmçinin bildirib ki, bugün yerli vaxtla saat 11:00-da Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçiriləcək.