BAKI, 17 oktyabr. TELEQRAF

Madaqaskar Silahlı Qüvvələrinin polkovniki Maykl Randrianirina Ali Konstitusiya Məhkəməsi (SCC) tərəfindən ölkənin keçid dövrü prezidenti kimi and içib.

Teleqraf xəbər verir ki, inauqurasiya mərasimi milli televiziya kanalı (TVM) ilə yayımlanıb.

Mərasimdə siyasi partiyaların liderləri, ABŞ, Almaniya, Fransa və Avropa İttifaqı səfirləri iştirak ediblər.

Sentyabrın 25-də Madaqaskarda Prezident Andri Radzuelinanın istefası tələbi ilə etirazlar başlayıb. O, istefa verməkdən imtina etsə də, sonradan ölümlə hədələndiyini iddia edərək Fransa təyyarəsi ilə ölkədən qaçıb. Dövlət başçısının olmaması səbəbindən oktyabrın 14-də Madaqaskar Ali Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlamentin aşağı palatası) qərarı ilə onun hakimiyyətdən kənarlaşdırılmasını təsdiqləyib. Məhkəmə ölkəyə rəhbərlik etmək üçün prezident sarayını ələ keçirən hərbçilərin lideri, polkovnik Maykl Randrianirinanın namizədliyini irəli sürüb.