BAKI, 21 iyun. TELEQRAF

İranın Fordo nüvə obyektini məhv edə bilən nəhəng bombaları daşıya bilən ən azı 2-3 ABŞ B-2 bombardmançı təyyarəsi təxminən bir saat əvvəl Missuri ştatındakı Uaytman hərbi hava bazasından havaya qalxıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Həmçinin KİV-in bir başqa məlumatına görə, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasında qırıcı və digər ABŞ hərbi təyyarələrinin geniş şəkildə yerləşdirilməsi prosesi gedir.

İsrail mənbələri baş verənləri ABŞ-nin İrana mümkün hücumuna hazırlıq kimi qiymətləndirirlər.

“The New York Times” bundan əvvəl yazmışdı ki, yerin 80 metr dərinliyində yerləşən Fordonu yalnız ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan və başqa ölkələrə satışı qadağan olan 13 000 kiloqramlıq GBU-57 (MOP) bombası ilə məhv etmək mümkündür. Bombanın özəlliyi ondan ibarətdir ki, bunları yalnız B-2 strateji bombardmançıları daşıya bilir. İsrailin belə bir silahı yoxdur.