BAKI, 19 iyun. TELEQRAF
ABŞ İrana qarşı hərbi əməliyyatlarda İsrailə qoşulmaq qərarına gələrsə, İtaliya Vaşinqtona öz ərazisindəki hərbi bazalar təklif edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti İtaliya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşr həmçinin qeyd edib ki, indiyədək Vaşinqtondan Romaya belə bir müraciət daxil olmayıb.
Qəzet yazır ki, Roma buna rəğmən ehtiyatlı davranır, çünki İraq və Livanda İtaliya qüvvələri yerləşdir. Belə bir durumda Romanın ABŞ-nin İrana mümkün hücumuna açıq dəstəyi bölgədəki İtaliya qoşunlarını təhlükəyə ata bilər. Amma son qərar Romanın olsa belə, İtaliya hökuməti Vaşinqtondan imtina edə bilməyəcək. Bu halda söhbət NATO-nun Aviano, Viçensa, Neapol və Siqonelladakı bazalarından istifadədən gedir.
Kanadada keçirilən G7 sammitindən sonra mətbuat konfransı zamanı İtaliya Baş naziri Corciya Meloni bazaların mümkün istifadəsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
“Vaxtı gələndə vəziyyəti qiymətləndirəcəyik. Belə qərarlar dərhal qəbul edilmir”, - baş nazir jurnalistlərin sualına qısa cavab verib.
“La Repubblica” əlavə edib ki, Roma İrana hücum halında ABŞ-nin Səudiyyə Ərəbistanı, Misir və Bəhreyndəki bazalarından istifadə edəcəyinə ümid edir.